Azərbaycanda elm
Azərbaycanda elm — Azərbaycanda 140 elmi orqan, eyni zamanda 96 elmi institut fəaliyyət göstərir. Əsas elmi qurum Azərbaycan Milli Elmlər Akademiyasıdır.
== Dəqiq elmlər ==
=== Astronomiya ===
XIX əsr Azərbaycan alimi Abbasqulu ağa Bakıxanov 1839–1840-cı ildə farsca yazdığı "Əsrarül-mələküt" əsəri kosmoqrafiyanın köhnə və yeni qanunlarını müqayisə edir, məntiqi dəlilləri şifahi əfsanələrlə sübut edir, Yer kürəsi və digər səmavi cisimlərin vəziyyətini və mövqeyini tədqiq edir. XX əsrin ortalarında Məmmədəli Haşımzadə, Həbibulla Məmmədbəyli və Rəhim Hüseynov tərəfindən astronomiyaya aid terminlər tədricən yaradıldı və qərarlaşdırıldı.
=== Coğrafiya ===
Alim Mahmud Şirvani 1562-ci ildə ərəb dilindən "Möcüzələr mirvarisi və qəribəliklər incisi" əsərini tərcümə etmişdir. On yeddi fəsildən ibarət olan tərcümədə dünyanın müxtəlif ölkələrinin, ayrı-ayrı dəniz və okeanlarının flora və faunasından bəhs edilir.XVIII–XIX əsrlərdə yaşamış coğrafiyaşünas və səyyah Hacı Zeynalabdin Şirvani Yaxın və Orta Şərq ölkələrini, Hindistanı və Orta Asiyanı gəzərək farsca "Cənnət bağı səyahətləri", "Səyahət bağları", "Səyahət bağı" əsərlərini yazmışdır. Onun qardaşı səyyah Hacı Məhəmmədəli Şirvani "İnsan şərəfi haqqında dəlil", "Həyatın başlanğıcı" və "Həqiqətlərin həqiqəti" əsərlərində gəzdiyi ölkələrin ictimai-siyasi tarixi, mədəni həyatı, fəlsəfi fikir, ədəbiyyat, təlim-tərbiyə məsələləri haqqında qiymətli məlumatlar vermişdir. XIX əsr Azərbaycan alimi Abbasqulu ağa Bakıxanov Amerikanın tarixi, fiziki və siyasi vəziyyətini təsvir edən "Kəşf əl-Qəraib" və dünyanın fiziki, siyasi və iqtisadi xəritələrinin olduğu "Ümumi coğrafiya"nın müəllifidir. XIX əsr coğrafiya sahəsinə töhfə vermiş görkəmli Azərbaycan alimlərinə İsmayıl bəy Qutqaşınlı, İsa Sultan Şahtaxtinski, Məhəmməd ağa Şahtaxtinski misal göstərilə bilər.XIX əsrin sonu-XX əsrin əvvəllərində təbiətşünas Həsən bəy Zərdabi "Kaspi", "Bakinskiye izvestiya", "Əkinçi" kimi qəzetlərdə Azərbaycanın sənaye, kənd təsərrüfatı və iqtisadiyyatına aid məqalələrini çap etdirir, torpağın şoranlaşması, su və iqlim ehtiyatlarından düzgün istifadə edilməsi ilə bağlı "Torpaq, su və hava" əsəri çap edilir. Qafur Rəşad Mirzəzadənin yazdığı "Qafqazın coğrafiyası", "Azərbaycan coğrafiyası" və "Ümumi coğrafiya" dərslikləri Azərbaycan coğrafiyasının öyrənilməsində əvəzsiz rol oynamışdır.